ŞİƏ ƏHLİ
  Imam Huseyn (A.S.) ve ezadarliq
 
İmam Hüseyn (ə) və əzadarlıq
Artıq on dörd əsrə yaxındır ki, İmam Hüseyn (ə) aşiqləri məhərrəm və səfər ayları boyu o Həzrətə və ailəsinə rəva görülmüş zülmləri, sitəmləri yad edərək əzadarlıq edir və bu ağır müsibətə göz yaşı axıdırlar. Onlar İslam Peyğəmbərinin buyurduğu bu kəlamın həqiqətini öz rəftarlarında çox gözəl nümayiş etdirmişlər: “Həqiqətən Hüseynin şəhid edilməsi ilə bağlı möminlərin qəlbində sönməyən bir hərarət vardır”. İnsanların əsrlərlə qəlblərində yaşatdığı bu eşq O həzrətin İslam, Quran və ümmətin nicatı uğrunda özündən və ailəsindən keçməsi ilə bağlıdır. Bu yazımızda “İslamın əzadarlığa baxışı”, “Əhli-sünnə kitablarında əzadarlıq” və “İmam Hüseynə ağlamağın fəzilətləri” mövzularına qısaca da olsa işarə edəcəyik. 1. İslam və əzadarlıq Qurani – Kərimdə əzadarlıqla bağlı dəqiq hökmlər olmasa da, bir-çox ayələrdə zülm əleyhinə fəryad etmək, ürəklərdə Əhli-beyt (ə) məhəbbətini yaşatmaq, yaxud bəzi peyğəmbərlərin yas saxlamaqları ilə bağlı ayələr vardır. Əzadarlıqla bağlı nəql olunmuş hədislərə gəldikdə isə deməliyik ki, bu barədə nəql olunmuş rəvayətlər həddən ziyadədir. İmam Sadiq (ə) buyurmuşdur: “Qadınlar müsibət zamanı göz yaşı axıtmağa, ağı deməyə ehtiyaclı olduqları üçün ağlaya bilərlər. Lakin bu iş onların ifrata varmalarına gətirib çıxartmamalıdır”. O həzrət yenə buyurmuşdur: “Mən beş nəfər ağlayan şəxs tanıyıram: Adəm, Yəqub, Fatimə və Əli ibn Hüseyn. (ə) Adəmin ağlaması cənnətdən uzaq düşməsinə, Yəqubun ağlaması Yusifdən ayrıldığına, həzrət Fatimənin ağlaması atası Peyğəmbərə (s), İmam Səccadın (ə) ağlaması isə atası İmam Hüseynin (ə) şəhid edilməsinə görə idi”. Musəlmanlar “Ühud” döyüşündə yetmişə yaxın şəhid vermişdilər. Mədinədə hər kəs öz yaxınları üçün ağı deyir, göz yaşı tökürdü. Həzrət Məhəmməd (s) bu səhnəni gördükdə gözləri yaşla dolaraq buyurdu: “Əmim Həmzəyə ağlayan yoxdur”. İbn Məsud deyir: “Peyğəmbər (s) Həmzənin (r) cənazəsini üzü qibləyə qoyub, yaxşı əxlaqlarını xatırlayaraq ağlayırdı”. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) dəfələrlə səhabələrinin, o cümlədən Səd ibni İbadə can verdiyi zaman, Mədinədə qızlarının birinin məzarı kənarında, oğlu İbrahimin vəfatında, Osman ibn Məzunun ölümündə, Əbvada anasının qəbri kənarında, həzrət Əlinin (ə) və İmam Hüseynin (ə) şəhid olmasını xatırlayarkən ağlayardı. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra səhabələr ağlayıb, əzadarlıq etmişlər. Belə ki, Həzrət Zəhra (ə), Bilal, Qeys, Ümmü-Əymən və başqaları Peyğəmbərin ayrılığına görə ağlayıb, yas məclisləri qurmuşlar. 2. Əhli-sünnə kitablarında İmam Hüseynə (ə) ağlamaq İmam Hüseynin (ə) müsibətinə görə yas saxlamaq, mərasimlər keçirmək haqqında Əhli-sünnə kitablarında da bir çox rəvayətlər qeyd edilmişdir. Qısaca onların bir-neçə nümunəsinə işarə edək. Sələmi deyir: Ümmi Sələməni (Peyğəmbərin həyat yoldaşı) ağlayan halda gördüm. Səbəbini soruşduqda dedi: Yuxuda Allahın Rəsulunu saçı, surəti toz-torpaqlı halda gördüm. Soruşdum ki, sizin bu hala düşməyinizin səbəbi nədir ya Rəsulallah? Buyurdu: “Bir az öncə Hüseynimin şəhid olmağını gördüm” (“Səhih Tirmizi”, 2/ 306.). Əli (ə) buyurur: “Bir gün Peyğəmbərin (s) hüzuruna daxil olub o Həzrətin gözlərini yaşarmış gördükdə soruşdum: Sizi niyə bu halda görürəm, ağlamağınızın səbəbi nədir? Həzrət buyurdu: Cəbrayıl (ə) Hüseynimin Fərat çayı kənarında öldürülməsindən xəbər verərək dedi: Onun torpağını iyləmək istəyirsənmi? Dedim: Bəli. Bu zaman Allahın mələyi Hüseynimin orada şəhid olacağı torpağı mənə göstərdikdə özümü ağlamaqdan saxlaya bilmədim” (İmam Əhməd ibni Hənbəl- “Musnəd”, 1/85.). İmam Sadiq (ə) buyurur: “Həqiqətən Hüseynin qəbri kənarında yetmiş minə yaxın mələk qiyamət gününə qədər göz yaşı axıdır” (“Zəxairul-uqba”, 151.). İmam Hüseyn ibni Əli (ə) buyurur: “Allah-taala müsibətlərimizə ağlayan şəxsləri cənnətə daxil edəcəkdir” (“Zəxairul-uqba”, 19). İmam Hüseynə (ə) ağlamağın fəzilətləri Rəvayətlərdə şəhidlər sərvəri İmam Hüseynə (ə) ağlayan, kədərlənən, yaxud növhə, mərsiyə oxuyan şəxslər haqqında çoxlu fəzilətlər qeyd edilmişdir. İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə oxuyuruq: “Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, O həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”. O həzrət yenə də buyurur: “Ey Şəbib! Allah-taala İmam Hüseynə (ə) ağlayıb göz yaşı axıdanların günahlarını bağışlayacaqdır”. İslam Peyğəmbəri (s) öz qızı həzrət Fatiməyə (ə) xitab edərək belə buyurmuşdur: “Fatiməcan! Qiyamət günü bütün gözlər ağlarkən Hüseynimə ağlayan gözlər gülər və cənnət nemətlərilə müjdələnər”. İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə Əhli-beytə (ə) ağlayanların Kövsər çeşməsindən sirab olacağı xatırlanır: “Bizə ağlayan gözlər Kövsər hovuzunun suyu ilə sirab olacaq”. O həzrət ayrı bir hədisdə Cəfər ibn Uffana xitab edərək buyurur: “İmam Hüseyn (ə) haqqında şer yazan, ağlayan, yaxud ağladan şəxslərə cənnət vacib ediləcək və günahları bağışlanacaq”. “Vəsailüş-şiə” kitabında qeyd edilən hədisdə İmam Sadiq (ə) camaatın İmam Hüseynə (ə) ağlayıb mərsiyə deməsinə görə Allaha şukür edərək buyurur: “Allaha şükür edirəm ki, xalqın içində yanımıza gələn, biz Əhli-beyti mədh edən, mərsiyə deyən şəxslər qərar vermişdir”. Yaxud, İmam Rza (ə) Əhli-beyt (ə) şairlərindən biri olan Debələ buyurur: “Mənə (İmam Hüseyn haqqında) bir şer yazıb oxu, çünki, bu günlər (Aşura ərəfəsi) ailəmizə qəm, müsibət üz gətirən bir gündür”.
istinad: 3w.Haqqul-Islam.de.tl
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol