ŞİƏ ƏHLİ
  Yolun aciq olsun ogul!
 
Yolun Açıq Olsun, Oğul!
Şeyx Ədəbalidən
Oğul! İnsanlar var ki, gün doğanda doğular, gün batanda ölərlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir.
Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul!..
Çalış tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız ALLAHa məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar, yox əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan, oğul!..
Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr ki, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr ki, yerdəki qarışqaya məğlub olarsan... Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən, cənnətin qapılarını aç, oğul!..
Unutma, qəzəbin təkəbbürünlə birləşib ağlını məğlub edə bilər. Həmişə səbirli, təmkinli və iradəli ol. Heç vaxt əzmindən dönmə. Getdiyin yolu, daşıdığın yükü yaxşı bil.
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır oğul!.. İnsan oğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik
olan yerdən iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Ruhsuz bir bədəni daşımaq isə böyük zillətdir.
Səbirsiz mənzil başına çatmaq olmaz, oğul! Səbir bir qara tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsinin çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir.
Gözünü əbədiyyətə dik, oğul!... Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər.
Vəzifən çətin, yükün ağırdır, oğul!.. Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür...
Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə...
Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul!..Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, könlü Həqiqətə köklənib...
Ananı, atanı say, bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, oğul isə dua qa
ynağı...
Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi ən möhkəm dirəkdir. Nə ananın incə ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik...
Səni saydıqları yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına "doru” (kəhər), igidin yaxşısına da dəli deyərlər!..
Hər şey qədərində yaxşıdır. Sevgi də... Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. "İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr”.
Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında, səhərlərin aydınlığında duaya qalx...
Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar...

Yaxşılığa yamanlıq şər kişinin işidir,
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir, oğul!...
Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun...
istinad: 3w.Haqqul-Islam.de.tl
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 
 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol