ŞİƏ ƏHLİ
  Nefse diqqet yetirmeyin zeruriliyi
 
Nəfsə Diqqət Yetirməyin Zəruriliyi
Bəzi insanlar əqllərinin kamilləşməsinə xüsusi diqqət yetirərək müxtəlif məlumatlar və fikirlər əldə etməklə onu gücləndirirlər (zənginləşdirirlər). Digərləri isə cisimlərini bəsləməyə daha çox üstünlük verərək onu daim dadlı təamlar və başqa ləzzətlərlə, rahatlıq gətirən vasitələrlə təmin edirlər. Lakin təəssüflər olsun ki, insanların əksəriyyəti öz nəfslərini unudaraq onu islah etməyə əhəmiyyət vermirlər. Məlumdur ki, nəfs sağlam olmadıqda əqlin və cismin heç bir dəyəri olmaz. Belə ki, nəfs xəstə olduqda əqldən sui-istifadə edər və bununla cismi də uçuruma yuvarlayar.
Keçmiş tarixə və yaxud müasir həyata nəzər yetirdikdə bəzi insanlar əqli və elmi baxımdan yüksək səviyyəyə çatmalarına, dərin biliyə yiyələnmələrinə baxmayaraq, bədbəxtliyin və mənəvi pozğunluğun ən son pilləsinə enmələrinin şahidi olarıq. Bu həqiqətə
sübut olaraq İblisi misal gətirmək mümkündür. Onun bu qədər alçalması, bədbəxtliyə düçar olması elminin azlığındanmı baş vermişdir? Əlbəttə ki, xeyir...
İblisin başına gələnlər onun elminin azlığı səbəbi deyil, əksinə o, bu sahədə digərlərindən daha üstün və bizim bilmədiyimiz bir çox şeylərdən xəbərdar olan böyük bir alim idi. Bu halda onun cəzalandırılmasına hansı amilin səbəb olduğu sualı meydana çıxır. Allah-təala bu haqda Qurani-Kərimdə belə xəbər verir: "(Allah İblisə:)Mən sənə səcdə etməyi əmr etdikdə buna nə mane oldu? –deyə buyurdu. (İblis:)Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın! –dedi”.1
Buradan məlum olur ki, İblisi uçuruma yuvarlayan səbəb onun təkəbbürlüyü olmuşdur. Şübhəsiz ki, təkəbbürlük də əqli deyil, nəfsi xəstəlik olduğundan o, bu məsələdə öz elmindən faydalana bilərdi. O cümlədən azğınlığa və bədbəxtliyə düçar olmuş insanların əksəriyyəti də elmlərinin azlığından deyil, məhz nəfslərinin xəstə olması üzündən bu kimi acı nəticələrlə qarşılaşmışlar.
Burada İmam Əli(ə)-ın gözəl bir kəlamı öz yerini tapır. O Həzrət buyurmuşdur: "Nəfsini islah etməyən şəxs əqlindən faydalana bilməz”.
Başqa bir kəlamında isə İmam (ə) belə buyurmuşdur:
"Həvayi-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.2
Nəfsi xəstəliklərin əqlə təsir etməsinə gəldikdə isə o Həzrət buyurmuşdur:

"Bilin ki, uzun-uzadı arzular əqli aradan aparar…”.3
"İnsanın özünü bəyənməsi onun əqlinə həsəd aparan şeylərdən biridir”.4
Buradan məlum olur ki, nəfsin islah olunması məsələsinə böyük əhəmiyyət verilməlidir. Çünki nəfs təkəbbürlük, lovğalıq, şöhrətpərəstlik, qorxaqlıq, tənbəllik, kin-küdurət və digər bu kimi xəstəliklərə düçar olarsa, artıq heç bir şey bunun qarşısında fayda verməz. Allah-təala bu haqda Qurani-Kərimdə buyurmuşdur:
"Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam”.5
Yəni onlar nəfsləri təkəbbürlük xəstəliyinə düçar olduğundan iman gətirməyə, hidayət tapmağa belə müvəffəq olmazlar.
Peyğəmbər(s)-ə iman gətirməyənlərin nöqsanı əqllərində, yoxsa elmə yiyələnməməkdə idi? Xeyr, qətiyyətlə bunu inkar edərək onların probleminin nəfslərinin təkəbbürlük kimi çirkin bir xəstəliyə düçar olması və həvai-nəfslərinin onlara hakim kəsilməsi olduğunu qeyd etmək olar.

1 Əraf surəsi, ayə 12.
2 Mizan əl-hikmə, c.6, s.436.
3 Nəhcül-bəlağə, 86-cı xütbə.
4 Nəhcül-bəlağə, qısa və hikmətli kəlamlar bölməsi, 212-ci kəlam.
5 Əraf surəsi, ayə 146.
istinad: 3w.Haqqul-Islam.tr.gg
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol