ŞİƏ ƏHLİ
  Hezret Huseyn (A.S.) sexaveti
 
Həzrət İmam Hüseynin (ə) səxavəti
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.» İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkan az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:
a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı kitabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. » Bəli, elə buna görə də, Həzrət İmam Muhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.
b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»
v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Əbdillah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»
İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə dəvət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»
q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»
Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»
Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»
İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»
q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolu
nda səni azad etdim.»
Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»
İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: «Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»
d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»
Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»
İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»
Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»
e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»
İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»
ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»
j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »
z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»
İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»
istinad: 3w.Haqqul-Islam.de.tl
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol