ŞİƏ ƏHLİ
  Namazi Oz Vaxtinda Qilmaq (2-ci hisse)
 
Namazı Öz Vaxtında Qılmaq (2-ci hissə)
İkinci rəvayət, Həzrət İmam Əli ibni Musər-Rza (ə) haqqındadır ki, Qəzzaz adlı bir şəxs deyir: Həzrət İmam Rza (ə) bir neçə ələvini qarşılamaq üçün, evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub buyurdu: Azan ver. Ərz etdim: Gözləyək dostlarımız gəlib bizə qoşulsunlar. Həzrət (ə) buyurdu: Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk namazı təxirə salma. Həmişə vaxtın əvvəlinə riyaət et. Bu vaxt mən azan verdim və biz namaz qıldıq. («Mizanul-Hikmət», səh. 522, hədis 3646)
Həmçinin rəvayət olunub ki, Əli (ə) "Siffeyn” müharibəsində döyüş meydanında cihad və mübarizəyə məşğul olduğu halda, namazın vaxtının olub-olmamasını bilmək üçün göyə baxırdı. İbni Abbas o həzrətin bu işindən təəccüb edərək ərz etdi: Ya Əmirəl-Mominin! Döyüş meydanında daha namazın vaxtına riyaət etmək nəyə lazımdır? Yəni belə bir vəziyyətdə də namaz qılıb onun vaxtına riyaət etməliyikmi? Əli (ə) ona xitab edərək buyurdu: "Ya ibni Abbas! Bizim bunlarla cihad etməkdə məqsədimiz nədir? Məgər bilmirsənmi ki, bizim bu müharibəni etməkdə məqsədimiz Mutəal Allaha, doğru və düzgün ibadət edib, namazı vaxtında qılmaqdır?!"

Namazda xuşu və hüzuri-qəlb

İnsan namaza durduğu zaman şeytan vəsvəsə edir, hər vəchlə onu namazından ayırmağa çalışır. Belə ki, insanın həyat boyu üzləşdiyi çətinliklər, ailə-məişət problemləri, həllini tapmaqda çətinlik çəkdiyi bir çox məsələlər və s. bütün bunlar məhz namaz əsnasında yada düşür. Belə olan təqdirdə insan bədəninin (namaza) hazır olmasına baxmayaraq, qəlbi Allahdan yayınır və dağınıq (halda olan) fikirləri namazın hüzuri-qəlb ilə qılınmasına bir növ maneə törədir. Hətta bəzən olur ki, insan adi şəraitdə haqqında düşünmədiyi hər hansı məsələni namaz qılarkən xatırlayır.
Təbii ki, bu şəraitdə xuşu və qəlb hüzuri ilə namaz qılmaq qeyri-mümkündür. Lakin namaz o zaman kamil və həqiqi namaz sayılar ki, sahibi onu xuşu zahir edərək qılsın, çünki namazda mühüm olan təkcə Kəbə istiqamətində (yəni üzüqibləyə) dayanmağımız, bədənimizin namaza hazır olması və ruku, səcdə məqsədilə əyilib-dikəlməyimiz deyil! Daha mühüm olan qəlbimizin namaza hazır olmasıdır ki, Allahın bizdən tələbi də məhz budur. Allaha olan sevgi və ehtiramımızı bununla bildirir, ruku, səcdə kimi namazın zahiri görünüşü isə Allaha olan sevginin təzahürüdür.
Allah Rəsulu (s.a.a.) buyurmuşdur: «Namazda xuşu (və müt`ilik) halında olmayanın namazı, namaz deyil.» («Mizanul-Hikmət», səh. 518, hədis 3610) Bəs görəsən "xuşu” nədir? Həzrət Peyğəmbər (s) bu sualın ("xuşu nədir?” sualının) cavabında buyurur: "Bəndənin namazda bütün qəlbi ilə Allaha doğru getməsi, itaətkar və həqir olmasıdır.” («Namaz hədis güzgüsündə», səh. 25) Həmçinin buyurur: "Xuşu, namazın zinəti və bəzəyidir.” («Namaz hədis güzgüsündə», səh. 24) Yəni, namaz qılan şəxs, dünyəvi fikirlərini bir kənara qoyub bütün fikrini namaza bağlamalı və namazı müti halında, hüzuri-qəlb ilə qılmalıdır.
Bu (hal) bəndənin, öz Pərvərdigarına olan sevgisindən, Onun (Pərvərdigarının) qarşısında kiçilməsi, zəlil və acizliyi (bacarıqsızlığı) deməkdir. Belə ki, şeytani fikirlər və nəfsani diləklər, onu namazdan uzaqlaşdırıb bir başqa aləmə aparmasın. Namazda xuşu halında olanlar Quran-Kərim təbiri ilə desək, "nicat tapanlar”dır ki, onlar barəsində Allah -Təala buyurur: «Həqiqətən, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu halında olarlar.» (Muminun surəsinin ilk ayələri)
Çünki namaz insanın Allahla olan rabitəsidir (əlaqə) və bəndə bütün qüvvəsi ilə səy etməlidir ki, bu rabitə qırılmasın. Əks təqdirdə, yəni insanın Allahla olan rabitəsi qırılarsa nəinki namaz qəlb hüzuru ilə qılınmaz, hətta namazın rəkətlərində və yaxud ruku, səcdə, zikrlərində səhvə yol verilər. Bu da namazın batil olmasına səbəb olar. Namazda hal tapıb feyz eldə etmək, həmçinin namazın qəbulu yalnız (həmin namaz) xuzu-xuşu ilə qılınarsa mümkündür. Odur ki, bəndənin bədəni kimi qəlbi də namaza hazır olmalıdır.
Allah Rəsulu sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Bir bəndənin qəlbi bədəni kimi namazda hazır olmasa (yəni, fikri Allahda olmasa) Allah-Təala onun namazını qəbul etməz» («Namaz hədis güzgüsündə», səh. 26) Əlbəttə ki, bu məqama yetişmək üçün ixlas (tam səmimiyyət), əməllərin düzlüyü (yəni vacibata əməl edib pis və bəyənilməyən işlərdən çəkinmək), həmçinin namaza diqqət yetirmək (əvvəl vaxtında, həqiqətini dərk edib bütün şərtlərinə riyaət etməklə qılmaq) şərtdir. "Namazda bütün şərtlərə riyaət etmək” dedikdə, nəzərdə tutulanlardan biri də budur ki, namaz qılan şəxs gərək qəsbi yerdə və (qəsbi) paltarda namaz qılmasın, vacib zikri, qiraəti düzgün oxusun, ruku və səcdələri düzgün yerinə yetirsin.
Rəsuli-Əkrəm sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Namazının ruku və səcdələrini düzgün (kamil) əncam verməyən, sanki namaz qılmamışdır.» («Böyük günahlar», c. 3, səh. 123) İmam Əli (ə) buyurur: «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə heç bir əzası ilə oynamaz.» («Mizanul-hikmət», səh. 518, hədis 3613)
Başqa hədislərində Həzrət Peyğəmbər (s.a.a.) buyurur: «Allah-Təalaya elə ibadət et ki, sanki Onu görürsən, əgər sən Onu görməsən də şübhəsiz ki, O səni görür.» («Namaz hədis güzgüsündə», səh. 24) «Elə namaz qıl ki, sanki sənin axırıncı namazındır və (ondan sonra) bir daha namaz qılmayacaqsan» («Namaz hədis güzgüsündə», səh. 25) Bəli qeyd edildiyi kimi namazın qəbul olunması, bəndənin onu (namazı) xuşu və qəlb hüzuru ilə qılmasına bağlıdır. Yəni namaz nə qədər qəlb hüzuru ilə qılınarsa bir o qədər də məqbulə keçər. Və yaxud namazda hansı miqdar beləcə qəlb hüzuru ilə qılınmışdırsa həmin miqdar da qəbul olunar.
Allah Rəsulu sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Bəzən namazın yarısı qəbul olunur, bəzən üçdə biri, bəzən dörddə biri, bəzən beşdə biri, bəzən də onda biri. Bəzi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunur.» («Nəfsin saflaşdırılması», səh. 217) Həzrət Əli (ə) buyurur: «Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin. Çün ki, Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndənin namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.» («Nəfsin saflaşdırılması», səh. 217)
İmam Sadiq (ə) buyurur: «Yalnız namazın qəlb hüzuru ilə qıldığın hissələri sənindir. Beləliklə, namaz qılan zamanda qəflətdə olsan və yaxud onun ədəblərini yerinə yetirməsən, namazı bükülərək onu sahibinin üzünə vurular» («Böyük günahlar», c. 3, səh. 125)
istinad: 3w.Haqqul-Islam.de.tl
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 

 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=